İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Müctəba Dəmirçilunun “Həftə içi” xəbər saytına müsahibəsi
.
MÜSAHİBƏ
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müctəba Dəmirçilu, 15 yanvar 2026-cı il tarixində "Həftə İçi" xəbər saytına eksklüziv müsahibə verib. Səfir müsahibə zamanı İranda baş verən son hadisələr, iqtisadi islahatlar, xarici müdaxilələr və regional təhlükəsizlik məsələləri ilə bağlı mühüm məqamlara toxunub.
İranın son hadisələr və baş verən proseslərlə bağlı mövqeyi nədən ibarətdir?
"İlk növbədə, mən həmin vaxt İranda olduğum və bu hadisələri şəxsən müşahidə etdiyim üçün bəzi məqamları qeyd etmək istərdim. Dekabrın 28-dən etibarən İran hökumətinin həyata keçirdiyi yeni iqtisadi islahatlar, o cümlədən məzənnə tənzimləmələri iqtisadi fəalların etirazlarına səbəb oldu. Məlumdur ki, İranda bəzi əsas istehlak malları dövlət tərəfindən yüksək qiymətə tədarük edilsə də, vətəndaşlara subsidiyalar hesabına çox ucuz qiymətə təklif olunur. Bu qiymət fərqi dövlət büdcəsinə böyük maliyyə yükü yaradır. Bu vəziyyəti tənzimləmək üçün hökumət qərara aldı ki, subsidiyalar birbaşa son istehlakçıya yönəldilsin, nəinki ticari fəaliyyətlə məşğul olan şirkətlərə.
Təbiidir ki, bəzi iqtisadi subyektlər sözügedən yeni siyasətə öz etirazlarını bildirdilər. Bu çərçivədə İranda qədim və nüfuzlu bir təsisat olan "Bazar" dükanları bağlamaqla öz narazılığını nümayiş etdirdi. Bunun ardınca, cənab Prezident Ticarət Palatası, həmkarlar ittifaqları və özəl sektor nümayəndələri ilə görüşlər keçirdi. Görüşlərdə hökumətin yeni iqtisadi kursu izah edildi, onların rəyləri dinlənildi və qarşılıqlı təkliflər mübadiləsi aparıldı. Nəticədə mağazalar yenidən açıldı və normal fəaliyyət bərpa olundu.
Lakin bir neçə gün sonra, ABŞ-ın təhriki ilə xaricdəki müxalif qüvvələr tərəfindən insanlar küçələrə və etirazlara dəvət edildi. Əvvəlcə bu da ciddi bir məsələ deyildi və müəyyən qrup öz fikrini ifadə edirdi. Lakin yanvarın 8-i və 9-u gecəsi qeyri-adi hadisələr baş verdi. Belə ki, həmin şəxslər odlu silahlardan, partlayıcı maddələrdən istifadə etməyə, banklar, dini mərkəzlər (məscidlər), mədəniyyət ocaqları və hətta xəstəxanalar kimi mühüm obyektlərə hücum etməyə başladılar. Bu, sıravi vətəndaşların edə biləcəyi hərəkətlər deyil və birbaşa Amerikalıların təhriki ilə reallaşdırıldı. Biz bunu sionist rejimin İrana qarşı 12 günlük hərbi təcavüzünün davamı kimi qiymətləndiririk.
Təəssüflə qeyd etməliyəm ki, həmin iki gecədə baş verən zorakı və terror xarakterli hərəkətlər nəticəsində həm asayiş keşikçiləri, həm də dinc sakinlər arasında ciddi itkilər qeydə alındı. İnsan itkilərinin çox olmasının səbəblərindən biri polis əməkdaşlarının silahsız olması idi. İctimai yerlərdə iğtişaşların qarşısını almaq üçün xidmət aparan təhlükəsizlik qüvvələrinin üzərində silah olmayıb. Onlar məhz silahsız olduqları halda silahlı hücuma məruz qalıblar və nəticədə bir çoxu şəhid olub. Terrorçu ünsürlər hərbi silahlardan istifadə edərək həm polisi, həm də vətəndaşları hədəfə alıblar. Etirazçı kütlə arasında olan bir çox sıravi şəxs məhz kürək nahiyəsindən vurulub. Bu şəxslərin odlu silah və partlayıcılardan necə istifadə etdiyinə dair video görüntülər mövcuddur.
İğtişaşları alovlandırmaq və terror aktları törətmək məqsədilə İrana daxil olmağa çalışan çox sayda şəxs saxlanılıb və böyük miqdarda silah-sursat aşkar edilib. Məsələn, təkcə bir yük partiyasında 1300 ədəd hərbi təyinatlı odlu silah ələ keçirilib.
Xoşbəxtlikdən, xalq öz sivil və iqtisadi etirazlarından terrorçuların və iğtişaşçıların sui-istifadə etdiyini anladıqdan sonra dərhal özünü bu proseslərdən təcrid etdi. Hazırda vəziyyət stabilləşib. Lakin sionist rejimi və ABŞ tərəfindən gələn xarici təhdidlər hələ də narahatlıq doğurur. Məhz bu səbəbdən İran hökuməti sosial şəbəkələrə və kommunikasiyaya müəyyən məhdudiyyətlər tətbiq etməklə, terror tapşırığı almış ünsürlərin fəaliyyət imkanlarını məhdudlaşdırmağa çalışır."
Trampın İrana hücumun dayandırılması ilə bağlı bəyanatları barədə nə düşünürsünüz?
"Trampın düşmənçilik mövqeyi və qeyri-adi bəyanatları İran üçün tamamilə aydındır. Təbiidir ki, sionist rejim də İranın maraqlarına zərbə vurmaq üçün Amerika faktorundan və Trampdan bir alət kimi sui-istifadə etməyə çalışır. Buna görə də, İran tərəfinin öz milli maraqlarını təmin etmək üçün lazımi tədbirləri görməsi təbii bir addımdır.
İran hökumətinin nəzərində etiraz etmək, sosial, siyasi və iqtisadi tələbləri irəli sürmək təbii bir hüquqdur və bu, qanunvericilikdə də təsbit olunub; praktika da bunu sübut edir. Ən yüksək səviyyədə cənab Prezident etirazçıların nümayəndələri ilə görüş keçirmiş, bütün nazirlərə və valilərə müxtəlif sahələrin təmsilçiləri ilə bu təmasları davam etdirməyi tapşırmışdır. Lakin heç bir dövlət və ölkə qeyri-qanuni və terror xarakterli hərəkətlərlə barışa bilməz. Sıravi vətəndaşları hədəf alan bu növ əməllərin qarşısı mütləq alınmalıdır. Təəssüflə qeyd etməliyik ki, xəstəxanalarda olan xəstələrin və tibbi heyətin baş verən yanğınlarda həyatını itirdiyini gördük. Dərman almaq üçün aptekə yollanan atasının qucağındakı üçyaşlı qız uşağı atəşə tutularaq qətlə yetirildi. Bunlar həmin təhriklər nəticəsində yaranan çox acı həqiqətlərdir.
ABŞ və sionist rejim yeni "hibrid müharibə" çərçivəsində İrana qarşı əllərində olan hər bir vasitədən istifadə etməyə çalışırlar. Son günlərdə iqtisadi və sosial rifah zəminində başlayan etirazlar fonunda, iğtişaşçılar iqtisadi mərkəzlərə zərbə vururlar ki, xalqın üzərindəki iqtisadi təzyiq daha da artsın. Mağazaları bağlı saxlamaq cəhdləri və iqtisadi infrastruktura zərər vurmaq onların əsas planlarından biridir. Məsələn, Rəşt şəhərində bazarın yandırılması nəticəsində iki yüz mağaza külə döndü ki, bu da birbaşa xalqın maddi vəziyyətinə ağır zərbədir. Banklar yandırıldıqda məqsəd insanların ticari fəaliyyətini iflic etməkdir. Bütün bunlar tətbiq edilən iqtisadi sanksiyalarla yanaşı, xalqa qarşı əlavə iqtisadi təzyiq vasitəsidir. ABŞ və sionist rejimin xalqı dəstəkləmək barədə səsləndirdiyi şüarlar heç bir reallığı əks etdirmir; onlar bir tərəfdən sanksiyalarla xalqı sıxışdırır, digər tərəfdən isə iqtisadi mərkəzləri məhv edərək insanlar üçün ikiqat çətinlik yaradırlar."
Vəziyyət sabitləşməyə doğru gedirmi?
"Yanvarın 11-dən etibarən vəziyyət sabitləşmişdir, hətta internet və rabitə şəbəkələrində tətbiq olunan məhdudiyyətlər də tədricən aradan qaldırılır. Hazırda internet kəsintisi səbəbindən dayandırılmış xarici uçuşlar bərpa olunub. İnternet-bankinq və onlayn taksi xidmətləri kimi rəqəmsal iqtisadi platformalar fəaliyyətini tam bərpa edib və hazırda şərait tamamilə normaldır.
Xüsusilə qeyd etmək lazımdır ki, İran daxilində iğtişaş və xaos yaratmaqdan ümidini kəsən və planlarının nəticə vermədiyini görən bəzi dairələr, indi diqqətlərini ölkə xaricinə yönəldiblər. Onlar hazırda aşağıdakı istiqamətlərdə fəaliyyət göstərirlər:
- Dezinformasiyaların və yalan məlumatların geniş miqyasda yayılması;
- Hərbi ritorikanı və təhdidləri daim gündəmdə saxlamaq cəhdləri;
- Müxtəlif ölkələri İrana qarşı mənfi mövqe sərgiləməyə təhrik etmək.
İran daxilində vəziyyətin normallaşmasına və gündəlik həyatın öz axarına qayıtmasına baxmayaraq, həmin qüvvələr ölkə xaricində bu növ mənfi fəaliyyətlərini davam etdirməyə çalışırlar."
ABŞ-ın İranın ticarət tərəfdaşlarına qarşı tətbiq etdiyi tariflər barədə nə düşünürsünüz?
"Bunlar yeni məsələlər deyil. Hər gün fərqli formalarda gündəmə gətirilən sanksiya mövzusu praktikada heç bir nəticə verməmişdir.
İranda bazarlara və mağazalara daxil olduqda ölkənin sanksiyalar altında olduğunu hiss etmirsiniz. Bəlkə malların qiymət artımına etirazlar ola bilər, lakin reallıq budur ki, bütün məhsullar mövcuddur. 90 milyonluq əhali, gündəlik 2 milyon barel neft ixracı və 100 milyard dollardan artıq xarici ticarət dövriyyəsi onu göstərir ki, tariflər və sanksiyalar kimi müxtəlif yollarla İran xalqına qarşı yönəlmiş iqtisadi təzyiq cəhdləri uğursuz olmuşdur və bundan sonra da uğursuzluğa məhkumdur.
Biz bu təzyiqlərin qətiyyən tərəfdarı deyilik, çünki onlar insanların gündəlik həyatına mənfi təsir göstərir. Məsələn, dərman preparatları sanksiyaya məruz qaldıqda, xəstələr ciddi çətinliklərlə üzləşirlər."
İranın şimal-qərb bölgələrində və Azərbaycan əyalətlərində iğtişaşların səviyyəsinin aşağı olmasının səbəbi nədir?
"Etirazlar başlayan zaman cənab Pezeşkian bazar əhli və gildiya nümayəndələri ilə dialoq apardı və məsələlərin həll edilməsi barədə razılığa gəlindi. Bu danışıqlar əsasında Təbriz bazarı öz fəaliyyətini bərpa etdi. Bəzi şəhərlərdə bazarların bağlanması tələb edilsə də, İranın ən böyük ticarət mərkəzlərindən biri olan Təbriz bazarı bu təzyiqlərə boyun əymədi və bağlanmağa razı olmadı."
Prezidentin azərbaycanlı olması, Azərbaycan əyalətlərində etirazların az olmasında bir amil deyilmi?
"Sözsüz ki, bu, çox mühüm və təsiredici bir amildir; həmin bölgənin insanları öz Prezidentini dəstəkləyir və ona arxa dururlar. Hökumətə dəstək yürüşlərində də şahidi olduğumuz kimi, milyonlarla insan küçələrə axışdı. Təkcə Tehranın özündə üç milyondan çox insan yürüşdə iştirak edərək göstərdi ki, İrandakı sabitliyi asanlıqla pozmaq və ona xələl gətirmək mümkün deyil.
Bu hadisələr təbii ki, xoşagəlməzdir. Hər hansı bir insanın həyatını itirməsi hər kəs üçün sarsıdıcıdır. Hətta təəssüf ki, aldadılaraq terror aktına cəlb olunan şəxs də bir şəkildə İran cəmiyyətinin bir parçası idi və belə bir taleyi yaşamamalı idi."
İnsan itkiləri daha çox hansı şəhərlərdə qeydə alınmışdır?
"Tehran, Kürdüstan və Məşhəd daxil olmaqla, bir neçə şəhərdə xoşagəlməz hadisələr baş vermişdir. Təəssüflə qeyd etməliyəm ki, bəzi əyalətlərdə müəyyən terror qruplaşmaları odlu silahlardan istifadə etmişlər və bununla bağlı video görüntülər artıq ictimaiyyətə təqdim olunmuşdur."
Qonşu ölkələrin son hadisələrlə bağlı mövqeyi necə olmuşdur?
"Xoşbəxtlikdən, qonşu dövlətlər bu məsələdə böyük uzaqgörənlik nümayiş etdirdilər; İranın düşmənlərinin sui-istifadə edə biləcəyi hər hansı bir zəmin yaratmadılar və belə mənfi kampaniyaların qarşısını aldılar. Sabitlik və ya qeyri-sabitlik bir nöqtədə məhdud qala bilməz; o, mütləq digər bölgələrə də sirayət edir. İranda baş verə biləcək hər hansı qeyri-sabitlik qonşu ölkələrə və bütün regiona təsir göstərə bilər. Təbii ki, bu, nə region ölkələrinin, nə də qonşuların maraqlarına uyğun deyil.
Eyni zamanda, dünyada baş verən mənfi təcrübələr bu ölkələrin gözü qarşısındadır. ABŞ-ın Əfqanıstan və İraqa hərbi təcavüzü, Suriya və Liviyaya hərbi müdaxiləsi hər kəsə məlumdur. Onilliklər keçməsinə baxmayaraq, biz hələ də həmin ölkələrdə qeyri-sabitliyin şahidi oluruq. Bu vəziyyət təkcə həmin dövlətləri deyil, onların bütün qonşularını da mənfi mənada təsir altına almışdır."
Məhəmməd Rza şahın oğlunun fəaliyyətləri barədə nə düşünürsünüz?
"Bu şəxs hər hansı bir siyasi çəkiyə, məqama və nüfuza malik deyil; o, sadəcə başqalarının əlində bir oyuncağa çevrilmişdir. Bir çox video görüntülərdə onun bəyanatları hətta İran müxalifəti tərəfindən belə məsxərəyə qoyulur. Onlar bu şəxsin çıxışlarını mənasız və qeyri-ciddi hesab edirlər."
İran Xalq Mücahidləri Təşkilatı kimi silahlı qruplaşmalar barədə nə deyə bilərsiniz?
"İranda «Munafiqin» kimi tanınan silahlı müxalif qruplar çox sayda terror aktları və cinayətlər törətmiş, xeyli sayda insanın qətlinə bais olmuşlar. Bu qruplaşma İran xalqı tərəfindən nifrətlə qarşılanır. Hətta Səddamın İrana hücumu zamanı onlar təcavüzkar tərəfində duraraq öz vətənlərinə qarşı vuruşmuşlar. Bu gün nə ölkə daxilində, nə də xaricdə heç kim onlara İranın gələcəyi üçün nəsə edə biləcək ciddi bir siyasi qüvvə kimi baxmır.
Onlar Avropa ölkələri üçün də o dərəcədə ciddi problem və başağrısı yaratdılar ki, nəticədə həmin dövlətlər bu qrupun Albaniyadakı düşərgədə yerləşdirilməsinə dair qərar verməli oldular."
***