İran İslam Respublikasının Xarici İşlər Nazirinin Azərbaycan Respublikasına Rəsmi Səfəri
İran İslam Respublikasının Xarici İşlər Naziri, cənab Seyid Abbas Ərəqçi 7 dekabr (16 Azər) tarixində ilk rəsmi ikitərəfli səfəri çərçivəsində Bakı şəhərinə gəlib. Cənab Nazir Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq regional Baş İdarəsinin rəhbəri və Azərbaycan Respublikasının Tehrandakı Fövqəladə və Səlahiyyətli Səfiri tərəfindən rəsmi qaydada qarşılanmışdır.
Səfər çərçivəsində cənab Ərəqçi Azərbaycan Respublikasının ali dövlət rəhbərliyi - Azərbaycan Respublikasının Prezidenti, Xarici İşlər Naziri, Milli Məclisin Sədri və Baş Nazirin müavini ilə yüksək səviyyəli görüşlər keçirmişdir.
Bir günlük, lakin olduqca məhsuldar səfər Bakı Dövlət Universitetinə edilən ziyarətlə tamamlanmışdır. Cənab Nazir burada professor-müəllim heyəti və tələbələrlə görüşmüş, eləcə də “Müzakirənin Gücü” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimində iştirak etmişdir.
İran İslam Respublikası və Azərbaycan Respublikası regional sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, habelə çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün mövcud imkanlardan maksimum istifadə etmək niyyətində olduqlarını bir daha təsdiqləmişlər.
Cənab Seyid Abbas Ərəqçinin Bakı Dövlət Universitetindəki Mühazirəsindən Xülasə;
Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edən İran İslam Respublikasının Xarici İşlər Naziri cənab Seyid Abbas Ərəqçi qeyd etmişdir ki, hazırkı beynəlxalq sistem bir sıra güc mərkəzləri tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə qeyri-riayət hallarının artması, eləcə də xarici siyasət məqsədlərinə çatmaq üçün zor tətbiqinə əsaslanan yanaşmaların genişlənməsi səbəbilə ciddi sınaqlarla üzləşir.
Cənab Nazir ölkələrin milli maraqlarının qorunmasında diplomatiyanın həlledici rolunu vurğulamış, effektiv diplomatik fəaliyyətin təmin olunması üçün zəruri olan strateji amillər barədə geniş izahat vermişdir. O, xüsusilə qeyd etmişdir ki, qətiyyətli və məqsədyönlü müzakirələr dövlətlərin beynəlxalq arenada mövqelərinin güclənməsinə xidmət edən mühüm instrumentdir.