İranın Azərbaycandakı səfiri cənab Müctəba Dəmirçilunun AnewZ xəbər kanalına eksklüziv müsahibəsi
.
MÜSAHİBƏ
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müctəba Dəmirçilu, 27 yanvar 2026-cı il tarixində "AnewZ" xəbər kanalına eksklüziv müsahibə verib. Səfir müsahibə zamanı İranda baş verən son hadisələr, iqtisadi islahatlar, xarici müdaxilələr və regional təhlükəsizlik məsələləri ilə bağlı mühüm məqamlara toxunub.
İlk sualım İranda son dövrlərdə cərəyan edən proseslərlə bağlıdır. Xüsusilə dekabrın 28-dən etibarən başlayan hadisələrə dair sizin fikirlərinizi öyrənmək istərdim.
- Mən dekabrın 25-dən yanvar ayının ortalarına qədər İranda olduğum müddətdə baş verən bütün hadisələri yaxından müşahidə etmək imkanım oldu. Xüsusilə vurğulamalıyam ki, bu proseslər "Bazar"dan başladı. İranda Bazar tarix boyu təkcə iqtisadiyyat deyil, həm də ictimai-siyasi və dini sahədə mühüm rol oynamış çox qədim bir institutdur.
Hadisələrin kökündə dekabrın son günlərində Prezidentin verdiyi qərar dayanırdı. Bu qərarla valyutanın rəsmi və qeyri-rəsmi fərqli məzənnələrinin birləşdirilməsi hədəflənirdi. Məqsəd subsidiyaların şirkətlərə deyil, birbaşa xalqın əlinə çatmasını təmin etmək idi. Bununla əlaqədar Bazarda bəzi etirazlar baş qaldırdı; dükanlar bağlandı və hökumətə bildirildi ki, belə şəraitdə iqtisadi fəaliyyət göstərmək qeyri-mümkündür. Xarici İşlər Nazirliyinin binası yerləşdiyi mövqe etibarilə Bazarın mərkəzində olduğu üçün mən şəxsən bu proseslərin şahidi oldum. Nəticədə, Prezident Bazar rəhbərlərini qəbul etdi, onların nümayəndələri Nazirlər Kabinetinə dəvət olundu və narazılıqlar dinlənildi. Fikir mübadiləsindən sonra tərəflər ortaq məxrəcə gəldilər və bir neçə gündən sonra Bazar tərəfindən bu məsələ həll olunmuş sayıldı.
Bundan bir neçə gün sonra Tehran Universiteti başda olmaqla, universitetlərdə tələbə etirazları müşahidə edildi. Bu, İran üçün təbiidir, çünki universitetlər hər zaman siyasi-ictimai proseslərdə önəmli rol oynamışdır. Həm Bazarın, həm də tələbələrin etirazları olduqca mədəni və sivil şəkildə həyata keçirildi, qarşılıqlı dialoqla başa çatdı.
Lakin yanvarın 8-də vəziyyət dəyişdi. ABŞ-da yaşayan və müxalif fəaliyyət göstərən sonuncu şahın oğlu insanları küçələrə çıxmağa çağırdı. Bundan iki gün öncə isə ABŞ Prezidenti mesaj yayaraq bildirmişdi ki, əgər etirazçılara qarşı ölümlə nəticələnən zorakılıq tətbiq olunarsa, müdaxilə edəcək. Bu, İranda böyük sual doğurdu: kim öləcək və bu ölüm harada baş verəcək? Yanvarın 8-də insanlar küçələrə toplaşarkən heç kəs problem gözləmirdi. Polis və təhlükəsizlik qüvvələrimiz silahsız şəkildə binaların qarşısında durduqları halda, qəfil silahlı hücuma məruz qaldılar. Çox təəssüf ki, həmin gecə silahsız olduqları üçün 300 nəfər polis və təhlükəsizlik əməkdaşı həyatını itirdi. Eyni zamanda etiraza gələn sıravi vətəndaşlar da hədəf alındı və çox sayda itki verildi.
Bu hadisələr məlum etdi ki, hər şey öncədən planlaşdırılmışdır. İsrailin 12 günlük hərbi təcavüz planı əvvəlcə hərbi hücum, sonra isə etirazlar üzərində qurulmuşdusa, bu dəfə əks istiqamətdə – əvvəlcə daxili iğtişaşlar, sonra isə hərbi hücum planlaşdırılmışdı. İki gecə boyunca gərginlik artaraq davam etdi və İranın hüquq-mühafizə orqanları aksiyaların mahiyyət etibarilə dəyişərək silahlı qarşıdurma müstəvisinə keçməsi faktı ilə üzləşdilər. Artıq sivil və adi etiraz xarakterini itirmiş bu iğtişaşlara qarşı dövlət qurumlarının qanun çərçivəsində adekvat müqabilə tədbirləri görməsi zərurətə çevrildi və yanvarın 10-dan etibarən deyə bilərik ki bu məsələ bitdi. Lakin ABŞ-ın hərbi hədələri davam edərək ölkədə nigarançılıq yaratdı. İndi İranda etirazlar dayansa da, baş verənlər maddi və mənəvi cəhətdən ağır zərbə oldu. Çox sayda insan həyatını itirdi, ictimai binalar, mülki mənzillər və şəxsi avtomobillər hədəf alınaraq ciddi ziyan gördü.
İrandakı hadisələr və mövcud vəziyyət barədə verdiyiniz məlumatlara görə təşəkkür edirik. İrandakı iqtisadi çağırışları və daxili ictimai-siyasi dinamikanı necə dəyərləndirirsiniz? Xüsusilə ABŞ və İsrail tərəfindən tətbiq edilən təzyiqlər fonunda, Azərbaycan və Pakistan kimi qonşu dövlətlər baş verənləri diqqətlə izləyirlər. İqtisadi zəmində başlayan bu proseslərin daha genişmiqyaslı xarakter alması İranın daxili sabitliyi və regional təhlükəsizlik baxımından qonşu ölkələr üçün nə dərəcədə narahatlıq doğurmalıdır?
- İranın qonşu dövlətləri də müşahidə etdilər ki, ölkədə cərəyan edən proseslər təbii xarakter daşımır. Şübhəsiz ki, hər bir ölkədə müxtəlif iqtisadi və ya sosial səbəblərdən sivil etirazların baş verməsi mümkündür və bu nümayişlərə mədəni dialoq çərçivəsində yanaşılmalıdır. Lakin İrandakı son hadisələr göstərdi ki, bu, adi bir etiraz dalğası deyil, arxasında xüsusi bir plan dayanan sistemli bir prosesdir.
Məhz bu amili nəzərə alan qonşu dövlətlər məsələyə münasibət bildirərək qeyd etdilər ki, regiona hər hansı xarici, xüsusilə də hərbi müdaxilə fəlakətli nəticələrə yol aça bilər. Bu, elə bir həssas məsələdir ki, onun fəsadları İran sərhədləri ilə məhdudlaşmayıb bütün regiona yayıla bilərdi. Bu cəhətdən qonşularımız ABŞ ilə təmaslar quraraq öz qəti mövqelərini ifadə etdilər və belə bir addımın doğura biləcəyi mənfi təsirləri açıqladılar.
Eyni zamanda, qonşu ölkələr İran hökumətinə öz açıq dəstəklərini nümayiş etdirdilər. Bəzi qonşularımız həm informasiya, həm də texniki sahədə bizə lazımi köməklik göstərərək, İranın bu cür təxribatlara qarşı effektiv müqabilə tədbirləri görməsinə dəstək verdilər.
İran və Azərbaycan arasındakı ikitərəfli münasibətlər müstəvisinə keçid etmək istərdim. Siz 2025-ci ilin iyun ayından etibarən burada diplomatik missiyanıza rəhbərlik edirsiniz. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət strategiyasının ana xəttini ölkə ərazisinin qonşu dövlətlərə qarşı hər hansı bir fəaliyyət üçün platformaya çevrilməməsi təşkil edir. Bu prinsipial mövqeni nəzərə alaraq, İran-Azərbaycan əlaqələrinin cari dinamikasını və mövcud vəziyyətini necə xarakterizə edərdiniz?
- Sevindirici haldır ki, İran və Azərbaycan arasındakı ikitərəfli münasibətlər gündən-günə dinamik şəkildə inkişaf etməkdədir. Xüsusilə son aylarda müxtəlif siyasi, iqtisadi və digər sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsinin şahidi oluruq. Bu xüsusda, cənab Prezident Pezeşkianın həm Bakıya, həm də Xankəndiyə gerçəkləşən səfərlərini xüsusi qeyd etmək lazımdır.
Xüsusilə Xankəndiyə olan səfəri vurğulamaq istərdim; həmin vaxt İranın hava məkanının qapalı olmasına və uçuşların məhdudlaşdırılmasına baxmayaraq, cənab Pezeşkian qətiyyət nümayiş etdirərək bildirdi: "Mən qardaşım Prezident İlham Əliyevin dəvətini qəbul etmişəm və bu səfər mütləq baş tutmalıdır". Beləliklə, sözügedən səfər uğurla gerçəkləşdi və bu çərçivədə keçirilən çox faydalı görüşlər əlaqələrimizdə yeni bir mərhələnin əsasını qoydu.
Təbiidir ki, bəzi qüvvələr, xüsusilə sionist rejimi, İranı qonşu dövlətlərlə qarşı-qarşıya qoymaq üçün intensiv cəhdlər göstərir. Hətta 12 günlük müharibə dövründə də qonşu ölkələri bu proseslərə cəlb etmək üçün müxtəlif addımlar atılmışdı. Lakin xoşbəxtlikdən, Azərbaycan Respublikası tərəfindən ən ali səviyyədə bəyan edildi ki, Azərbaycan heç bir zaman üçüncü qüvvələrin öz ərazisindən qonşu İrana qarşı istifadə etməsinə imkan verməyib və verməyəcəkdir.
Biz mehriban qonşuluq siyasətini prioritet hesab edərək ikitərəfli əlaqələrimizi bu təməl üzərində davam etdirməliyik. Bu, hər iki dövlətin milli maraqlarına tam uyğundur və hesab edirəm ki, bu strateji xətt gələcəkdə də qətiyyətlə qorunmalıdır.
İranın israilə münasibəti hamıya əyandır. Azərbaycan və İsrail son illər ərzində strateji tərəfdaşlıq münasibətləri inkişaf etdiriblər və hər iki tərəf bu əlaqələrin dövlətlərin milli maraqlarına xidmət etdiyini bildirir. Münasibətlərin İran əleyhinə yönəlməməsi şərtilə, İran İslam Respublikası Azərbaycanın İsrail ilə ikitərəfli, funksional və yaxşı əlaqələrə malik olmasını qəbul edərmi? Bu düstur Tehranın perspektivindən məqbul sayıla bilərmi?
- Sionist rejimi mahiyyət etibarilə işğal, təcavüz və soyqırımı təməlləri üzərində qurulmuşdur və təəssüf ki, bu dağıdıcı siyasət 80 ildən artıqdır ki, davam etməkdədir. Son aylarda Fələstində baş verən hadisələr bu qeyri-insani xəttin hələ də dəyişməz qaldığını bir daha nümayiş etdirdi. Bu baxımdan vurğulamaq lazımdır ki, biz bu sahədə adi bir dövlət və ya hökumət ilə deyil, beynəlxalq müstəvidə bütün siyasi qurumlardan fərqlənən bir "istisna" rejim ilə qarşı-qarşıyayıq.
İran və Azərbaycan münasibətlərinə üçüncü tərəflərin təsirinə gəlincə, qeyd etməliyəm ki, Azərbaycan Respublikasının suverenliyi ona istənilən tərəf ilə əlaqələr qurmaq hüququ verir və bu, onun təbii haqqıdır. Lakin eyni zamanda, Azərbaycanın ali rəhbərliyi tərəfindən rəsmi şəkildə bəyan edilmişdir ki, ölkə ərazisindən qonşu dövlətlərə qarşı hər hansı bir addım atılmasına qətiyyən icazə verilməyəcəkdir. Təbii olaraq biz də Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmamasını gözləyirik.
Çox təəssüf ki, ötən gün sionist rejimin xarici işlər nazirinin Bakı səfəri zamanı Azərbaycan Respublikasından bir platforma kimi istifadə edərək İran əleyhinə kəskin çıxışlar etməsinin şahidi olduq. Bu fakt bir daha sübut edir ki, sözügedən rejim hər fürsətdə, o cümlədən Azərbaycan ərazisindən istifadə edərək İran əleyhinə fəaliyyət göstərməyə çalışır. Bizim istəyimiz ondan ibarətdir ki, belə zəmin onlar üçün yaranmasın.
Sonuncu sualım belədir: Azərbaycan-İran əlaqələrinin potensialı hər zaman yüksək olsa da, bu resursların tam realizə olunmadığı bir reallıqdır. Bakı və İrəvanın sülh istiqamətində razılığa gəldiyi indiki şəraitdə, Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirən infrastruktur layihələri (TRİPP) gündəmdədir. Eyni zamanda, Azərbaycanın əsas ərazisini İran vasitəsilə Naxçıvana bağlayan “Araz dəhlizi” adlı alternativ marşrut da mövcuddur. Tehran bu yeni regional konyunkturada hansı perspektivləri proqnozlaşdırır və bu kommunikasiya xətlərinin hər iki dövlətin iqtisadi rifahına töhfə vermə ehtimalı nə dərəcədə realdır?
- Otuz ildən artıq bir dövrdə bu regionun reallıqları ilə tanış olan, keçmişdə Azərbaycanda dörd ildən artıq diplomatik fəaliyyət göstərmiş və Gürcüstanda səfir vəzifəsini icra etmiş bir şəxs kimi Qafqaz regionunu az-çox tanıdığımı vurğulamaq istərdim. Bu təcrübəmə əsaslanaraq deyə bilərəm ki, dünyada İran və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci bir nümunə tapmaq qeyri-mümkündür. Bizim tarixi, mədəni və iqtisadi müstəvidə çoxsaylı ortaq dəyərlərimiz mövcuddur; hətta xalqlarımız arasında mövcud olan sıx qohumluq əlaqələri bu bağlılığı daha da dərinləşdirir. Münasibətlərimizə hansı prizmadan baxsaq, sarsılmaz bir vəhdətin şahidi olarıq. Bu isə o deməkdir ki, bizim milli mənafelərimiz bir çox nöqtələrdə kəsişir və biz bu ortaq maraqlardan qarşılıqlı surətdə yararlanmaq imkanına malikik. Əlaqələrimizin inkişafı hər iki dövlətin, hər iki ölkənin və xalqın rifahına birbaşa xidmət edir.
Eyni zamanda, regionda sülh və əmin-amanlığın təmin olunmasının iqtisadi inkişafa zəmin yaradan əsas amil olduğunu diqqətdən qaçırmamalıyıq. Bizim prinsipial mövqeyimiz həmişə ondan ibarət olub ki, bölgədəki münaqişələr tamamilə aradan qaldırılmalı, sabitlik bərqərar edilməlidir. Bu gün regionda sülhün bərpası üçün əlverişli şəraitin yarandığı bir dövrdə yaşayırıq. Lakin yadda saxlanılmalıdır ki, bölgədə sabitliyi pozmağa yönəlmiş hər hansı kənar amil təkcə region ölkələri üçün deyil, bütün qonşular üçün ciddi təhlükə mənbəyidir. Bizim qənaətimizə görə, regionun öz maraqlarını nəzərə almayan, birtərəfli geopolitik məqsədlər daşıyan hər bir plan regionun təhlükəsizlik arxitekturasına ziddir.
Hesab edirik ki, iqtisadi sahədə, xüsusilə nəqliyyat və logistika istiqamətində həyata keçirilən müştərək layihələr bütün tərəflər üçün faydalı olacaqdır. Naxçıvanla əlaqələrə dair xüsusilə qeyd etməliyəm ki, son 35 il ərzində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı həm yük, həm də sərnişin daşımaları İran ərazisi vasitəsilə həyata keçirilib və bu gün də davam etməkdədir. Hal-hazırda "Araz dəhlizi" layihəsi çərçivəsində bu marşrutun daha da genişləndirilməsi və modernləşdirilməsi istiqamətində intensiv işlər aparılır. Şəxsən mən son aylarda bölgədə iki dəfə olaraq quruculuq işlərinin gedişatı ilə tanış olmuşam və işlərin yüksək sürətlə irəlilədiyini müşahidə etmişəm. Bu potensialdan tam yararlanmaq üçün Araz çayı üzərində yeni keçid məntəqəsi və müasir körpü inşa edilir; yaxın gələcəkdə bu infrastrukturun rəsmi açılış mərasiminin keçirilməsini planlaşdırırıq. İranın rəsmi siyasəti regionda nəqliyyat-kommunikasiya xətlərinin inkişafına hərtərəfli dəstək verməkdən ibarətdir ki, bunun da əsasında bütün region ölkələrinin iqtisadi tərəqqisi dayanır.
Söylədiklərinizdən belə nəticəyə gəlmək olarmı ki, İran İslam Respublikası Azərbaycanın öz əsas ərazisini Ermənistan vasitəsilə Naxçıvanla birləşdirməsi ideyasına (Araz dəhlizi ilə paralel olaraq) qarşı çıxmır? Yəni, rəsmi Tehranın Zəngəzur dəhlizi və ya bu qəbildən olan nəqliyyat marşrutlarına dair hər hansı etirazı yoxdur?
- İran İslam Respublikasının prinsipial mövqeyi ondan ibarətdir ki, nəqliyyat sahəsində ölkələri bir-birinə bağlayan və regional iqtisadi tərəqqiyə zəmin yaradan hər bir layihəni dəstəkləyirik. Lakin bu müstəvidə son dərəcə ehtiyatlı olmalı, xüsusi geopolitik maraqlar güdərək regionun ümumi mənafeyinə xələl yetirmək istəyən hər hansı təşəbbüslərə yol verməməliyik.
Sizin cavablarınızın son dərəcə ehtiyatlı və incə detallara əsaslandığını tam anlayıram. Lakin bu, o deməkdirmi ki, İranın Zəngəzur (TRİPP) və ya bənzər nəqliyyat dəhlizlərinə qarşı heç bir etirazı yoxdur? Yoxsa siz bu məsələyə sırf geosiyasi gərginlik prizmasından yanaşırsınız?
- Qeyd etdiyim kimi, nəqliyyat sahəsində irəli sürülən hər hansı layihə, adından asılı olmayaraq, regionda sülh və sabitliyin qorunmasına, eləcə də iqtisadi tərəqqiyə xidmət edirsə, biz bunu təbii olaraq dəstəkləyirik. Lakin hər hansı bir plan xüsusi geopolitik məqsədlər güdərsə və mahiyyət etibarilə İranın milli maraqlarına zidd xarakter daşıyarsa, şübhəsiz ki, İran bu vəziyyətə dözə bilməz.
- Hesab edirəm ki, suallarım kifayət qədər aydın idi və diplomatik dilin incəliklərinə bələd olan hər kəs Sizin vurğuladığınız məqamları tam dərk edəcəkdir. Cənab Səfir, vaxt ayırıb bu ətraflı məlumatları verdiyiniz üçün Sizə öz dərin təşəkkürümü bildirirəm.
- Çox sağolun, məndə sizə təşəkkür edirəm.
***